Aİ Rusiyanın bank sisteminə yeni zərbə hazırlayır | VİDEO

   Aİ Rusiyanın bank sisteminə yeni zərbə hazırlayır   |  VİDEO
  24 May 2025    Oxunub:419
Avropa İttifaqı (Aİ) Ukraynadakı müharibəni dayandırmaq üçün Moskvaya təzyiqi artırmaq məqsədi daşıyan yeni sanksiyalar paketinin bir hissəsi kimi 20-dən çox Rusiya bankını SWIFT beynəlxalq ödəniş sistemindən çıxarmağı nəzərdən keçirir.
AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyinin yazdığına görə, bu təklif daha geniş planın bir hissəsidir. Həmin plan, həmçinin Rusiya neftinin qiymət həddinin aşağı salınmasını və “Şimal axını” qaz kəmərlərindən istifadənin tam ləğv olunmasını da nəzərdə tutur.

“Müzakirələr Aİ-yə üzv dövlətlərlə məsləhətləşmələr mərhələsindədir, sanksiyaların vaxtı və təfərrüatları ilə bağlı yekun qərar hələ qəbul edilməyib. Sanksiyalar bütün Aİ ölkələrinin yekdilliklə təsdiqini tələb edir və təkliflər rəsmi qəbul olunmazdan əvvəl dəyişdirilə bilər”, - agentlik bildirir.

Aİ daha əvvəl Moskvanın hərbi fəaliyyətini maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq üçün 2022-ci ilin iyun ayında “Sberbank”, “Rosselxozbank” və “Moskva Kredit Bankı” da daxil olmaqla bir sıra Rusiya banklarını SWIFT-dən kənarlaşdırmışdı.

Peskov Aİ-nin hərəkətindən təəccüblənməyib
Ümumilikdə isə, Rusiyanın 2022-ci ildə Ukraynaya tammiqyaslı işğalından bu yana Aİ Moskvaya qarşı17 sanksiya paketi tətbiq edib, bunlardan sonuncusu 20 may 2025-ci ildə qəbul olunub. Rusiyanın neft ixracı məhdudiyyətlərindən yayınmaq üçün istifadə etdiyi tankerlərin kölgə donanmasını hədəfə alınıb.

Bundan əlavə, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen mayın 16-da növbəti sanksiyalar paketinin Rusiyanın bank sektorunu, kölgə donanmasını və “Şimal axını” qaz kəmərlərini hədəf alacağını bəyan edib. Bu bəyanat Ukraynada sülhə nail olmaq üçün Rusiya prezidenti Vladimir Putinə təzyiqlərin artırılması çağırışları fonunda verilib.

Moskva, öz növbəsində, Qara Dəniz Taxıl Təşəbbüsünün bərpası kimi müəyyən şərtlərin yerinə yetirilməsi müqabilində “Rosselxozbank” kimi bankların SWIFT-ə çıxışının bərpası da daxil olmaqla sanksiyaların ləğvini dəfələrlə tələb edib. Lakin Aİ bu tələbləri rədd edərək, sanksiyalar siyasətində istənilən dəyişikliyin ilkin şərti kimi Rusiya qoşunlarının Ukraynadan tamamilə çıxarılmasında israrlı olub.

Qeyd edək ki, Belçikada yerləşən və Aİ yurisdiksiyasında olan SWIFT beynəlxalq maliyyə mübadiləsi sistemi kimi Aİ-nin sanksiyalarına məruz qala bilir. Sistem 200-dən çox ölkədə 11 mindən artıq maliyyə institutunu birləşdirən sürətli və təhlükəsiz pul köçürmələrini təmin edir.

Rusiya banklarının SWIFT-dən kənarda qalması onların beynəlxalq əməliyyatlar, xüsusən də dollar və avro ilə aparılması imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.



Sahil İsgəndərov
AzVision.az


Teqlər:     Rusiya   bankalr  





Xəbər lenti